CƏMİYYƏT
“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinə start verilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə Lənkəran rayonunda həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrasına start verilib.
AZƏRTAC Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, iki il davam edəcək layihə çərçivəsində Lənkəran rayonunda ana ölümlərinin azaldılması istiqamətində bir sıra qabaqcıl strategiyaların tətbiqi nəzərdə tutulur. Pilot layihə mərkəzləşdirilən doğum şöbələri olan bir neçə yerli tibb müəssisəsində həyata keçiriləcək. Layihənin əsas fəaliyyətlərinə tibb personalının potensialın artırılması, klinik protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması, eləcə də əhali arasında maarifləndirmə və təşviqat işinin təşkili daxildir.
Layihənin icrasına 2022-ci il oktyabrın 24-də Lənkəran rayon Perinatal Mərkəzində keçirilən açılış tədbiri ilə start verilib. Tədbiri Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Ağabala Kəlbiyev açıb. İclasda Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri iştirak edib. Layihənin meneceri Könül Qaraşlı tədbir iştirakçılarına layihə haqqında ümumi məlumat verib. Layihənin qrup rəhbəri Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Gülnarə Rzayeva layihə çərçivəsində görüləcək işlər barədə danışıb.
Görüləcək işlərin ilk mərhələsində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ekspert qrupu Lənkəran rayon Perinatal Mərkəzində və Ailə Sağlamlıq Mərkəzində maddi-texniki təchizat bazasının yoxlanılması, daha sonra isə bu müəssisələrin tibb heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində silsilə tədbirlər həyata keçirəcək. Layihənin birinci mərhələsi 2022-ci ilin sonuna qədər icra olunacaq.
Başlıca məqsədi sözügedən regionda əngəllənə bilən ana ölümlərinin sayının azalmasına nail olmaq olan layihənin icrasına bu sahədə ixtisaslaşan beynəlxalq ekspertlər rəhbərlik edir. Gələcəkdə layihənin icrasından əldə ediləcək müsbət nəticə və təcrübənin Azərbaycanın digər regionlarında da tətbiqi nəzərdə tutulur.