AZƏRBAYCANIN CƏNUBİ QAFQAZ KİMİ MÜRƏKKƏB BİR REGİONDA ROLU VƏ ƏHƏMİYYƏTİ ARTMAQDA DAVAM EDİR
Cənubi Qafqaz kimi mürəkkəb bir regionda Azərbaycanın rolu və əhəmiyyəti artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dəvəti ilə Bakıda yay məktəbində iştirak edən Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prorektoru Daniel Vorner demişdir.
D.Vorner bildirmişdir ki, Qərb regiondakı dondurulmuş münaqişələrin davam etməsini və yenidən alovlanmasını yolverilməz hesab edir. Beynəlxalq təşkilatlar da bu münaqişələrin dinc yolla həllinə çalışır. Məcburi köçkünləri və qaçqınları nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox ağrılı məsələdir. Dağlıq Qarabağla yanaşı, regiondakı digər dondurulmuş münaqişələr də uzun müddət davam etməyəcəkdir. Beynəlxalq birliklər bu problemlərin həlli yollarını tapmağa çalışırlar. Amma bütün hallarda münaqişələrin həlli tərəflərdən asılıdır.
Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını və mövqelərinin daha da möhkəmləndiyini xüsusi qeyd edən D.Vorner ölkəmizin iki əsas xüsusi üstünlüyə malik olduğunu vurğulamışdır. Birincisi, zəngin neft-qaz ehtiyatlarına və digər təbii sərvətlərə malik Azərbaycan varlı bir ölkəyə çevrilməkdədir. Neftin qiymətinin son vaxtlar artması Azərbaycanın xeyrinə olan bir prosesdir. İkincisi, coğrafi mövqeyinə görə Azərbaycan bütün Asiyada körpü rolunu oynayır. Bu da ölkənin beynəlxalq aləm üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
D.Vorner onu da bildirmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün vacib rola malikdir. Avropa bu gün Azərbaycandakı bütün prosesləri diqqətlə izləyir. Maraqlıdır ki, regionda daha çox müstəqil siyasət yürüdən də elə məhz Azərbaycandır. Bütün bunlar isə bir daha sübut edir ki, Avropanın da Azərbaycana ehtiyacı vardır.