AZƏRBAYCANIN DTT-YƏ ÜZV OLMASINA HAZIRLIQ İŞLƏRİ ÜZRƏ KOMİSSİYANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına (DTT) üzv olmasına hazırlıq işləri üzrə komissiyanın 10-cu iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan komissiyanın sədri, iqtisadi inkişaf naziri Heydər Babayev işçi qrupunun bu ilin mayında Cenevrədə keçirilmiş 5-ci iclası barədə komissiya üzvlərinə məlumat vermişdir. Qeyd olunmuşdur ki, işçi qrupunun 5-ci iclasının sonunda faktlar icmalının hazırlanmasına dair qərar qəbul edilmişdir. Azərbaycanın DTT-yə üzvlük prosesi üzrə ilk ümumiləşdirilmiş sənəd olacaq faktlar icmalı ölkəmizə dair yekun hesabat baxımından çox vacibdir.
DTT-nin baş direktoru, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi, ABŞ-ın DTT yanında səfiri və işçi qrupunun sədri ilə keçirilmiş görüşləri barədə məlumat verən nazir Azərbaycanın DTT-yə üzvlüyünün dəstəkləndiyini qeyd etmişdir. Heydər Babayev işçi qrupunun növbəti iclasının yaxın vaxtda keçirilməsinin, tariflər və xidmətlərə dair təkliflərin təkmilləşdirilməsinin, qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması işinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
Xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavini Mahmud Məmmədquliyev isə may-iyun aylarında aparılmış ikitərəfli danışıqlar və həmin görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat vermişdir.
İclasda Azərbaycanın DTT üzvlüyünə qəbulu prosesinin gedişi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda Azərbaycanın DTT-yə üzv olması məqsədi ilə 2008-ci ilin sonunadək olan dövr üçün fəaliyyət planı qəbul edilmişdir.