“Azərbaycanın Əməkdar rəssamı” fəxri adının döş nişanı və vəsiqəsi Əsgər Məmmədova təqdim olunub
Moskva, 16 noyabr, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatik Akademiyada Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Rusiyadakı səfirimiz Polad Bülbüloğlu “Azərbaycanın Əməkdar rəssamı” fəxri adının döş nişanını və vəsiqəsini rəssama təqdim edib. Bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Əsgər Məmmədov “Əməkdar rəssam” fəxri adına layiq görülüb.
Dövlətimizin başçısının tapşırığı ilə ali mükafatı ona təqdim etdiyini bildirən P.Bülbüloğlu deyib: “Azərbaycan Prezidenti İlham Əliyev məhz bu binada təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu o zaman indi Diplomatik Akademiyanın yerləşdiyi bu binada fəaliyyət göstərirdi. Odur ki, bu qədim bina azərbaycanlılar üçün əlamətdar məkandır. Prezident İlham Əliyevin Sərəncamı ilə Əsgər Məmmədov “Əməkdar rəssam” fəxri adına layiq görülüb. Bu yüksək adın döş nişanını və diplomunu məhz bu binada təqdim etmək mənim üçün olduqca xoşdur”.
Rusiya XİN-ni yanında Diplomatik Akademiyanın rektoru Yevgeni Bajanov Azərbaycan rəssamı Əsgər Məmmədovun əsərlərinin həm ideya baxımından, həm də sənətkarlıq baxımından maraqlı olduğunu qeyd edib. O deyib: “Biz hər ay Diplomatik Akademiyada müxtəlif ölkələrin rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edirik. Əsgər Məmmədovun əsərləri orijinallığı və səmimiliyi ilə fərqlənir. Mənim mərhum həyat yoldaşım Natalya Bajanova Bakıda doğulub, boya-başa çatıb. Odur ki, Əsgər Məmmədovun əsərlərindəki Bakı mənzərələri mənim üçün daha doğmadır”.
Mərasimdə çıxış edən akademik Fazil Qurbanov, Rusiyanın Əməkdar rəssamı Viktor Buskin, publisist Sultan Mərzili və başqaları bildiriblər ki, Ə.Məmmədovun rəsmlərində doğma Qarabağın nisgili duyulur. Onun natürmortlarında Azərbaycanın brendləri - heyva və nar təsvirləri göz oxşayır. Rəssamın bənzərsizliyi ondadır ki, o, öz yaradıcılığı ilə milli dəyərləri beynəlmiləl dəyərlər səviyyəsinə çatdırır.
Əsgər Məmmədov onun yaradıcılığına verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Sərgidə Əsgər Məmmədovun Qarabağ, Bakı mənzərələri, Azərbaycanın füsunkar təbiəti mövzusunda rəsmləri nümayiş olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva