RƏSMİ XRONİKA
AZƏRBAYCANIN FRANSADAKI SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞ MƏRASİMİ
Açılış mərasiminə toplaşanlar Azərbaycanı Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı “Azərbaycan Respublikasının səfirliyi” sözləri yazılmış lövhənin üzərindən örtüyü götürdü, səfirliyin binası ilə tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Respublikamızın Fransadakı səfiri Tarik Əliyev Parisin mərkəzində yerləşən, artıq Azərbaycan Respublikasına məxsus olan dördmərtəbəli yaraşıqlı bina barədə ətraflı məlumat verdi və bildirdi ki, burada diplomatlarımızın normal fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev sonra mərasimdə nitq söylədi. Dövlətimizin başçısı mərasim iştirakçılarını səfirliyin yeni binasının açılışı münasibətilə təbrik edərək dedi ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya etmişdir. 2003-cü ildə Prezident seçildikdən sonra mənim də ilk səfərim bu ölkəyə olmuşdur. Bu onu göstərir ki, biz ikitərəfli münasibətlərə böyük önəm veririk, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımız çox uğurludur. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və ümid edirik ki, həmsədrlərin fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayacaqdır.
Mayın 28-də ölkəmizdə Respublika gününün bayram edildiyini xatırladan Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan neftinin həmin gün Ceyhan terminalına çatması bu bayramı daha da əlamətdar etmişdir.