AZƏRBAYCANIN İLK HƏRBİ TƏYYARƏÇİSİ HAQQINDA KİTAB
AZƏRTAC xəbər verir ki, polkovnik-leytenant, Azərbaycan hərb tarixinin təcrübəli tədqiqatçısı Şəmistan Nəzirlinin “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabı nəşr olunmuşdur.
Azərbaycan hələ qədimdən el-obasını, yurd-yuvasını qoruyarkən dünya tarixində iz buraxmış qəhrəman şəxslər yetişdirmişdir. Həmin igidlərdən biri də Birinci Dünya müharibəsinin qəhrəmanı ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbov (1891-1916) olmuşdur.
Müəllif nəfis tərtib olunmuş kitabında həmyerlimiz haqqında məhəbbətlə söz açır. Göstərilir ki, 1916-cı il sentyabrın 12-də alman-rus döyüşlərinin qızğın anında Vilnüs istiqamətində Fərrux ağa Qayıbov “İlya Muromets-16” təyyarəsinin heyətində səma döyüşlərinə atılaraq qəhrəmanlıq tariximizə yeni cəsurluq səhifəsi yazmışdır. Qəfil hücuma məruz qalan təyyarə heyəti düşmənin 4 qırıcı təyyarəsi ilə mərdanə döyüşə girərək qeyri-bərabər döyüşdə onların 3-nü sıradan çıxarmış, almanları xeyli sayda canlı qüvvə və texnika itkisinə məruz qoymuşdur. Təəssüf ki, bu zaman heyətində poruçik Fərrux ağa Qayıbovun da olduğu təyyarə vurularaq yerə düşmüşdür. Çətin döyüş tapşırığını yerinə yetirən təyyarənin bütün heyəti qəhrəmancasına həlak olmuşdur.
Kitabda verilmiş belə bir fakt da maraqlıdır ki, təyyarənin cəsur heyətinə almanlar hörmətlə yanaşaraq, onları yüksək ehtiramla dəfn etmişlər.
Yeni nəşrdə diqqəti cəlb edən əsas cəhət tarixi fakt və sənədlərin zənginliyidir. Tarixi sənədlərdə Fərrux ağanın çətin döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə müxtəlif ordenlərlə mükafatlandırılması ilə bağlı qeyd ediən faktlar oxucunun qəlbini fərəh hissi ilə doldurur.
Ş.Nəzirlinin əvvəlki əsərləri kimi, bu kitabı da gənclərin milli döyüş tariximiz barədə məlumatlandırılmasında və vətənpərvər ruhda tərbiyə olunmasında muhüm rol oynayacaqdır.