“Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” sənədli filminin təqdimatı olub
Bakı, 15 iyul, Elvira Məmmədova, AZƏRTAC
İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” qısametrajlı sənədli filminin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini Lalə Əhmədova film haqqında məlumat verib. Bildirib ki, film Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İctimai Birliyin sədri Faiq İsmayılov, ideya müəllifi İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayevadır.
F.İsmayılov bildirib ki, bu ekran əsəri müəllifi olduğu ilk filmdir, Azərbaycan həqiqətlərinin Türkiyə və Avropa ölkələrində təbliği məqsədi ilə lentə alınıb. O, bundan sonra da tədqiqat materialları əsasında sənədli filmlərin çəkilişlərinin davam etdiriləcəyini söyləyib.
Qeyd edilib ki, filmdə Azərbaycanın işğal altında olan ərazilərindəki xristian dövrü bazilika və monastırları üzərindəki ornamental görüntülərin ermənilər tərəfindən dəyişdirilməsindən söhbət açılır. Ermənilərin bu ərazilərdəki abidələrə erməni kilsəsi statusu verməsi xüsusi həyəcanla təqdim edilir. Filmdə Alban dövrü memarlıq abidələrinin hətta xristianlığaqədərki dövrə aid daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsi əyani şəkildə nümayiş olunur. Filmin əsas süjet xətti ermənilərin məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul edə bilməmələrindən bəhs edir.
Sonra sənədli film nümayiş etdirilib.
Digər çıxış edənlər də erməni vandalizmindən bəhs edən bu ekran əsəri barədə fikirlərini bölüşüblər.