AZƏRBAYCANIN KARATE ÜZRƏ YIĞMA KOMANDASI “DÜNYA PAYTAXTLARI KUBOKU” TURNİRİNİN QALİBİ OLMUŞDUR
Bakı, 23 oktyabr (AZƏRTAC). Moskva meriyasının və Moskva Karate Federasiyasının təşkil etdikləri “Dünya paytaxtlarının kuboku” beynəlxalq turniri başa çatmışdır.
İldən-ilə məşhurlaşan turnirdə bu dəfə kubok uğrunda komandalar, habelə mütləq çəki dərəcələrində kişilər və qadınlar medallar uğrunda yarışmışlar.
Moskva Karate Federasiyasının prezidenti və turnirin təşkilat komitəsinin sədri Leonid Popov turnirə qatılan iştirakçıları yüksək qiymətləndirərək bildirmişdir ki, budəfəki yarışda dünyanın ən güclü karate ustaları mübarizə aparırlar.
Turnirlə eyni vaxtda Moskva karatesinin 30 illik yubileyinə həsr olunmuş veteranların iştirakı ilə “Moskva ulduzları” yarışı keçirilmişdir.
Qeyd etmək lazımdır ki, builki turnirdə Rusiya paytaxtına 12 ölkənin - Azərbaycan, İspaniya, Fransa, Serbiya, Çernoqoriya, Almaniya, Belarus, Estoniya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Rusiyanın çempionları toplaşmışdılar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun və baş məşqçi Rəhman Hətəmovun rəhbərlik etdikləri Azərbaycan yığma komandasının tərkibində tatami üzərində Rəfael Ağayev, Məhəmməd Quliyev, Sənan Əliyev, Niyazi Əliyev, Vüsal Mədətov, Amal Atayev, habelə veteran Oqtay Məmmədov mübarizə aparmışlar.
Rusiya milli komandasına (2:1), habelə Belarus (3:2), Qazaxıstan (3:0), İspaniya (3:0), Gürcüstan (3:0) milli komandalarına qalib gələn Azərbaycan yığması finala çıxmış və finalda Moskva yığma komandası üzərində 3:1 hesabı ilə qələbə qazanmışdır. Azərbaycan yığması turnirdə qalib gəlməklə bir daha sübut etmişdir ki, bu gün dünyanın ən güclü komandasıdır.
Azərbaycan karateçisi Niyazi Əliyev mütləq çəki dərəcəsində yaxşı çıxış etmiş, yalnız final görüşündə sonuncu dünya çempionatının bu çəki dərəcəsi üzrə mükafatçısı Gürcüstan idmançısı Qogite Arkaniyaya məğlub olmuşdur.
######
![]() |
![]() |

