AZƏRBAYCANIN KARBOHİDROGEN EHTİYATLARI DÜNYANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINDA MÜHÜM AMİLDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikir iyulun 2-də İstanbulda “Türkiyə - bölgədə yüksələn enerji gücü” mövzusunda keçirilmiş 5-ci enerji forumundakı çıxışlarda səslənmişdir.
Forumun açılışında çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin iqtisadi yüksəlişlə paralel olaraq enerji daşıyıcılarına getdikcə artan tələbinin təmin olunmasında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin böyük əhəmiyyətini vurğulamışdır. Türkiyə hökumətinin başçısı demişdir: “Bizim hökumətimiz dövründə Bakı-Tbilisi-Ceyhan boru xətti istifadəyə verildi. Şahdəniz qazının Türkiyəyə gətirilməsinə nail olundu. 2007-ci ilin noyabrında hörmətli qardaşım, dostum, Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kostas Karamanlislə birlikdə Türkiyə-Yunanıstan təbii qaz boru xəttinin açılışını etdik. İndi də Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Nabukko” layihəsinin həyata keçirilməsi üçün işlər davam edir. Ceyhan terminalı bölgənin enerji mərkəzi olmaq istiqamətində inamla irəliləyir”.
Forumda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər və digər natiqlər Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını nəinki bölgənin, habelə bütün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm amil kimi dəyərləndirmişlər.