Azərbaycanın milli komandası Moskvadakı Qran-pri turnirində altı taekvondoçu ilə təmsil olunacaq
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 14-də Moskvada taekvondo üzrə Qran-pri turniri başlayır. Cari ildə ilk dəfə keçiriləcək Qran-pri turnirinin növbəti mərhələləri Türkiyədə və Böyük Britaniyada, final mərhələsi isə Meksikada təşkil ediləcək. G4 dərəcəli Qran-pri yarışlarında qalib olan idmançılar reytinq xallarını 40 bal artıracaqlar.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, reytinq xalları taekvondoçularımızın 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları üçün önəmlidir. Üç gün davam edəcək yarış Moskvanın “Dinamo” arenasında keçiriləcək.
Böyüklərdən ibarət milli komandamız turnirdə 6 taekvondoçu ilə təmsil olunacaq. Məşqçilər heyəti yarışa qatılaçaq idmançıların adlarını açıqlayıb. Belə ki, 58 kiloqramdan aşağı çəki dərəcəsində Mikayıl Əliyev, Ayxan Tağızadə (-68 kq), Ramin Əzizov (-80 kq), Radik İsayev (80 kq-dan yuxarı), qadınlardan Patimat Abakarova (-49 kq), 67 kiloqramdan aşağı çəki dərəcəsində isə Fəridə Əzizova dayanq üzərinə çıxacaqlar.
ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi ilə avqustun 11-də Moskvaya yollanacaq millimiz avqustun 17-də Vətənə qayıdacaq.