AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ƏLİYAR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA TURNİRİ KEÇİRİLİR
![]() |
![]() |
Şəhid komandirin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda tabur komandiri Əliyar Əliyevin idmançı, məşqçi, pəhləvan, döyüşçü kimi daim yaddaşlarda qalan mənalı ömür yolu vərəqlənmişdir. Ə.Əliyev dəfələrlə klassik güləş üzrə respublika, SSRİ çempionu, beynəlxalq turnirlərin qalibi, mötəbər yarışarın hakimi, baş hakimi, Qafqazın ən güclü pəhləvanlarından biri olmuşdur. Onun yetirmələri arasında 8 SSRİ və respublika çempionu, 1 Olimpiya yığma komandasının üzvü, 1 dünya çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri vardır.
Əliyar Əliyev bir qrup döyüşçü ilə işğal altında olan Laçın rayonunun 30-dan çox mövqeyini ermənilərdən təmizləmiş, 1992-ci il oktyabrın 3-də Laçın şəhərinə çatmağa az qalmış “Qanlı zəmi” adlanan ərazidə düşmən gülləsinə tuş gələrək şəhid olmuşdur.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra təntənəli marş sədaları altında turnirin startı verilmişdir.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Güləş Federasiyası, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən xatirə turnirində respublikamızın 22 şəhər və rayonunu təmsil edən 150 güləşçi güclərini sınayacaq.

