AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLİYİ RUSİYANIN XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ETİRAZ NOTASI TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələri İnstitutunun “Kosovodan sonra: tanınmamış ölkələrin birliyi tanınmaq yolunda” adlı martın 28-də Moskvada keçirdiyi beynəlxalq konfransla əlaqədar Rsuaiya Federasiyasının Xarici İşlər Nazirliyinə öz etirazını bildirmişdir. Bu barədə səfirliyin mətbuat üçün hazırladığı məlumatda xəbər verilmişdir.
Qeyd edək ki, həmin konfransda Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən qeyri-qanuni rejimini nümayəndələri, eləcə də Rusiya hakimiyyət orqanlarının təmsilçiləri də iştirak etmişlər.
Nazirliyə təqdim olunan etiraz notasında deyilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndələrinin də konfransa dəvət olunması yolverilməzdir. Rusiya Federasiyası Konstitusiyasına görə qanunvericilik hakimiyyəti orqanının nümayəndəsi, parlamentin MDB məsələləri üzrə komitə sədrinin birinci müavini K.Zatulinin öz qanunsuz fəaliyyətindən əl çəkməməsi qəbuledilməzdir.
Səfirlik, Rusiyanın Xarici İşlər nazirliyinin və Moskva Hökuməti nümayəndələrinin konfransa dəvət olunmalarını Azərbaycan ilə Rusiya arasında təşəkkül tapmış, habelə imzlanmış müqavilə və digər siyasi-hüquqi sənədlərdə əks etdirilmiş strateji əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyini açıq bəyan etmişdir.
RF XİN-dən konfransın keçirilməsi ilə əlaqədar izahatın verilməsi və gələcəkdə bu cür hallara yol verilməməsi xahiş olunmuşdur.