Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır
Ağcabədi, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının dahi rəhbər Heydər Əliyevin vəfatının 17-ci ildönümü münasibətilə keçirdiyi “Ümummilli lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” mövzusunda videokonfransda səsləndirilib. Əvvəlcə Ulu Öndərin Ağcabədi şəhərinin Heydər Əliyev meydanındakı abidəsi önünə gül dəstələri düzülüb. İlk təşkilat sədrlərinin, Gənclər Birliyinin, Qadınlar Şurasının üzvlərinin, ziyalıların və partiya fəallarının iştirak etdiyi videokonfransda ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov çıxış edərək, böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, sovet Azərbaycanına rəhbərliyi zamanı respublikamızın hərtərəfli tərəqqisi və nüfuzunun qaldırılmasında gördüyü işlərdən, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın bərqərar olmasında xidmətlərindən danışıb. Dahi rəhbərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlər, düşmən üzərində tarixi zəfər qazanılaraq işğal altında olan torpaqlarımızın azad edilməsinə gətirib çıxaran dövlətçilik fəaliyyəti barədə geniş məlumat verib.
Konfransda YAP Ağcabədi rayon təşkilatının Şura üzvü İbrahim Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru dosent Mahir Səlimov, Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətləri barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.