AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ KONFRANSIN İŞİNDƏ FƏAL İŞTİRAK ETMİŞDİR
Makedoniyanın Skopye şəhərində 5-ci Avropa Nazirlər Konfransı keçirilmişdir. “Demokratikləşdirmədə, münaqişələrin qarşısının alınmasında və sülh quruculuğunda qadınların rolu” mövzusuna həsr olunmuş konfransda Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Konfransı Avropa Şurası baş katibinin müavini xanım Boer-Bukukkio açmış, sonra BMT-nin Qadınlar Fondunun müstəqil eksperti Yelizaveta Reynin “Demokratikləşdirmədə və sülh quruculuğunda qadınların rolu”, Avropa Şurası nəzdində kişilər qadınlar arasında bərabərlik üzrə rəhbər komissiyasının sədri xanım Flora van Hauvelinqin “münaqişələrin qarşısının alınmasında qadınların rolu” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında müzakirələrdə Avropa Şurasına üzv olan ölkələrin nümayəndələri çıxış etmişlər. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmiz üçün ağır nəticələrindən danışaraq bildirmişdir ki, torpaqlarımızın 20 faizi işğal olunduğu üçün respublikada 1 milyon qaçqın və məcburi köçkün var.
Azərbaycan nümayəndələri konfransa Milli məruzə təqdim etmişlər. Məruzədə müharibənin nəticələri və sülhün bərqərar olması üçün görülən işlər barədə məlumatlar öz əksini tapmışdır. Xatırladaq ki, konfransda iştirak edən 44 dövlətin nümayəndə heyətindən yalnız 15-i milli məruzə təqdim etmişdir. Həmin məruzələr internet vasitəsilə bütün dünyaya yayılmışdır.
Avropa Şurası nəzdində kişilər və qadınlar arasında bərabərlik üzrə rəhbər komissiyanın eksperti, Büro üzvü, Mömünat Ömərova sənədlərin hazırlanmasında iştirak etmiş, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı təkliflər vermişdir. Nazirlər Konfransında müvafiq siyasi sənədlər qəbul olunmuş və həyata keçirilmək üçün ayrı-ayrı dövlətlərə göndərilmişdir.