Azərbaycanın Özbəkistandakı səfirliyi bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərir
Daşkənd, 14 aprel, AZƏRTAC
“Biz, 18 nəfər - ailə üzvlərimiz və qohumlarımız Özbəkistanın Anqren şəhərində yaxın qohumun toyuna gəlmişdik. Bakıya qayıdış biletimiz də var idi. Uçuş günü məlum oldu ki, Özbəkistan xarici dövlətlərə reysləri dayandırıb. Beləcə biz Daşkənd-Bakı reysləri bərpa olunana qədər Özbəkistanda qalmalı olduq”.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə müsahibəsində ailənin başçısı Fəxri Paşayev deyib.
Özbəkistanda tətbiq olunmuş karantin rejiminə əməl etdiklərini bildirən Fəxri Paşayev deyib: “Hamı kimi biz də evdə qalırıq. Əlimizdə olan pulumuzu da xərclədik, çıxılmaz vəziyyətə düşdük. Ümid yerimiz buradakı səfirliyimiz oldu. Zəng etdik, səfir Hüseyn Quliyev bizə kömək etdi. Burada karantin rejimi aprelin 20-nə qədərdir. Ümid edirik ki, ayın 20-dən sonra təyyarə reysləri bərpa edilər və biz doğma Azərbaycana, ev-eşiyimizə qayıdaq”.
Özbəkistanda qalan digər Azərbaycan vətəndaşı Sərxan Məmmədov isə turizmlə bağlı danışıqlar üçün Daşkəndə gəldiyini deyib: “Martın 21-nə Bakıya biletim var idi. Həmin gün məlum oldu ki, Özbəkistan tərəfi uçuşları dayandırıb. Elə o vaxtdan Daşkənddə kirayədə yaşayıram. Səfir Hüseyn Quliyev və səfirliyin əməkdaşları kömək etdilər. İndi səbirsizliklə Vətənə qayıdacağım günü gözləyirəm”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd