Azərbaycanın polis idmançılardan ibarət komandası Türkiyədə “Polis həftəsi”ndə iştirak edəcək
Bakı, 29 mart, AZƏRTAC
Türkiyədə Polis Təşkilatının yaranmasının 174-cü ildönümü ilə əlaqədar aprelin 8-dən 14-dək qardaş ölkədə “Polis həftəsi” adlı silsilə tədbirlər keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, tədbirlər çərçivəsində İstanbulda beynəlxalq futbol turnirinin keçirilməsi də nəzərdə tutulub. Turnirdə Azərbaycan Daxili İşlər Nazirliyinin idmançı əməkdaşlardan ibarət komandası da iştirak edəcək. DİN-in futbol komandası turnirlə əlaqədar təlim-məşq toplanışlarına başlayıb.
DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova komandanın heyətini qəbul edərək onlara tövsiyələrini verib.
Komandanın rəhbəri, İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki, idmançılarımız son hazırlıq tədbirlərini görürlər. Yeddi nəfərdən ibarət kollektivin əksəriyyəti təcrübəli idmançılardır. Onların altısı Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) əməkdaşı, biri isə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. İdmançılarımızın məşqçisi ƏÇPA-nın əməkdaşı Atalin Ağayevdir. Təmsilçilərimiz Türkiyə ilə yanaşı, səkkiz ölkənin komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının komandası dəfələrlə respublika miqyaslı yarışlarda fərqlənib, müxtəlif yubiley turnirlərinin qalibi olub.