MƏDƏNİYYƏT
Azərbaycanın təmsil olunduğu Pekin botanika sərgisini 9,34 milyon nəfər ziyarət edib
Pekin, 8 oktyabr, AZƏRTAC
Çinin paytaxtında aprelin 29-da işə başlamış “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusundakı beynəlxalq botanika sərgisini ictimaiyyət ziyarəti başa çatıb. Ötən müddətdə 9,34 milyon nəfər sərgini ziyarət edib.
AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, dünyada indiyədək keçirilmiş ən böyük botanika sərgisində ümumilikdə 110 dövlət və beynəlxalq təşkilatın təmsil olunub. Sərginin davam etdiyi 162 gün ərzində 3284 tədbir, o cümlədən ölkələrin milli günləri, forumlar, təqdimatlar, mədəni proqramlar, festivallar, konsertlər keçirilib. Sərginin keçirildiyi 503 hektar ərazinin bundan sonra ekoloji park kimi istifadə olunmasına qərar verilib.
Oktyabrın 9-na planlaşdırılan sərginin rəsmi bağlanış mərasimində Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan, habelə Azərbaycanın, Pakistanın, Kambocanın, Qırğızıstanın nümayəndə heyətləri, Beynəlxalq Sərgilər Bürosunun rəhbər şəxsləri iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Pekin beynəlxalq botanika sərgisinin fəal iştirakçısı olub. Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanmış "Azərbaycan: təbiət və incəsənətin harmoniyası" adlı milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edib. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirib. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılıb, ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb. Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış olub, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə ediblər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunub. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin