Azərbaycanın tranzit-nəqliyyat imkanları Praqada təqdim olunub
Praqa, 10 may, AZƏRTAC
Çexiyanın Sənaye və Ticarət Nazirliyində keçirilən “Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” beynəlxalq forumunda Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdim olunub. Ölkəmizin Çexiyadakı səfirliyinin təşəbbüsü və Praqada akkreditə olunmuş Çin, Qazaxıstan, Gürcüstan və Türkiyə səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Çexiyanın bir sıra dövlət qurumlarının və işgüzar dairələrinin nümayəndələri qatılıblar.
Forum Çindən Mərkəzi Asiya və Transxəzər regionu vasitəsilə Avropaya tranzit və yük daşımalarının artırılması imkanlarını müzakirə etmək, o cümlədən yükdaşımaları ilə məşğul olan çex şirkətlərini Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna cəlb etmək məqsədini daşıyıb.
Forumda Çexiyanın sənaye və ticarət naziri Tomas Huner, Azərbaycan, Çin Qazaxıstan, Gürcüstan və Türkiyənin Praqada akkreditə olunmuş səfirləri açılış nitqi ilə çıxış edib, eləcə də həmin ölkələrdən təmsil olunan dövlət, özəl və akademik dairələrin nümayəndələri təqdimatlar keçiriblər.
Səfir Fərid Şəfiyev çıxışında ölkəmizin strateji coğrafi və iqtisadi məkanda yerləşdiyini, əlverişli tranzit potensialına malik olduğunu söyləyib, iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə danışıb. O, Azərbaycanın həyata keçirdiyi regional layihələri və çex şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib.
Forumda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Təhminə Aslanova (Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurası), Tural Əliyev (“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC), Rəşad Məcidov (“Azərbaycan Dəmir Yolları” QSC) ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımaları sahəsində yaradılan şərait, Azərbaycanın liderliyi ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, habelə ölkəmizdəki əlverişli biznes və investisiya mühiti barədə məlumat veriblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa