SİYASƏT
Azərbaycanın Ukraynadakı səfirliyi Respublika Günü ilə əlaqədar təntənəli qəbul təşkil etmişdir
Kiyev, 29 may (AZƏRTAC). Mayın 28-də Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevin tarixi mərkəzində yerləşən diplomatik nümayəndəliyimizin ərazisində Respublika Gününə və Azərbaycan Respublikası və Ukrayna arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr edilmiş təntənəli qəbul təşkil etmişdir.
Qəbulda Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, hökumət nümayəndələri, Kiyevdə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilat missiyalarının başçıları, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Ukrayna Azərbaycanlılar Konqresinin rəhbərliyi, Ukraynadakı Azərbaycan Gənclər İttifaqı, “Azərbaycançılıq institutu”, “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatları, Ukraynadakı ARDNŞ və Azal ofislərinin başçıları, “Akkord” şirkətlər qrupunun əməkdaşları, Azərbaycan və Ukrayna ictimaiyyətinin, Azərbaycan, Ukrayna və Türkiyə mətbuat orqanlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirin rəsmi hissəsini açaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyəsini qeyd etmişdir.
İki dost ölkənin dövlət himnləri səsləndikdən sonra çıxış üçün söz Ukrayna xarici işlər naziri Konstantin Qrişenkoya verilmişdir. Öz çıxışında o, Azərbaycan prezidenti İlham Əliyevin başçılığı altında ölkədə möhtəşəm dəyişikliklərin baş verdiyini xüsusi vurğulamışdır. Ukraynanın xarici siyasət idarəsinin başçısı Bakıya rəsmi səfəri ərəfəsində belə bir möhtəşəm tədbirdə iştirak etməsindən məmnun olduğunu bildirmişdir. K.Qrişenko Azərbaycan xalqına sülh və əmin-amanlıq, dövlətimizə isə tərəqqi arzulamışdır.
Tədbirin rəsmi hissəsindən sonra çoxsaylı qonaqlara Azərbaycan və türk mətbəxinin müxtəlif nümunələri təqdim edilmişdir. Tədbir boyu Ukraynanın xalq artisti Qurban Abbasovun ifasında, onun başçılıq etdiyi Müslüm Maqomayev adına “Azərbaycan” ansamblının müşayiəti ilə Azərbaycan və Ukrayna xalq və estrada mahnıları səslənmişdir.
Qonaqlara, həmçinin Heydər Əliyev Fondu tərəfindən təqdim edilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev haqqında bioqrafik kitablar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə nəşrlər, Kiyevdəki səfirliyimizin nəşr etdiyi akademik Ramiz Mehdiyevin Ukrayna və ingilis dillərində kitabları, “İrs” və “Baku” jurnalları təklif edilmişdir.
Qəbul iştirakçıları Azərbaycan tərəfini təkcə Respublika Günü münasibətilə deyil, həmçinin Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin möhtəşəm keçirilməsi ilə əlaqədar təbrik etmişlər.
Mayın 28 axşam Ukraynanın Birinci Milli televiziya kanalında və “Rada” Parlament kanalında Azərbaycana həsr olunmuş verilişlər, ölkəmizin Ukraynadakı səfiri ilə müsahibə yayımlanmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev