Azərbaycanın Zəfər Günü Marneulidə təntənə ilə qeyd olunub
Tbilisi, 6 noyabr, AZƏRTAC
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə keçirilən bayram mərasimində Azərbaycanın bu ölkədəki səfirliyinin, Diaspor Komitəsinin əməkdaşları, yerli sakinlər, ziyalılar, məktəblilər və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
GAİM-in icraçı direktoru Orxan Pirverdiyev çıxış edərək 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlar rəşadətli Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı ilə azad olunub. Bu Qələbə təkcə Azərbaycan üçün deyil, regionun digər dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir.
O, yaxın gələcəkdə Gürcüstanın da öz ərazi bütövlüyünü bərpa edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizin Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident İlham Əliyev ətrafında sıx birləşərək tarixi məqsədinə və ədalətin zirvəsinə çatdı. İkinci Qarabağ müharibəsi dövründə Gürcüstanda yaşayan soydaşlarımızın, bacı-qardaşlarımızın mənəvi dəstəyini hiss etdik. Onlar Azərbaycana könül bağlılıqlarını açıq şəkildə nümayiş etdirdilər.
Onun sözlərinə görə, tarixən yaxın dost və strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın yeni simasını formalaşdırıb.
Hazırda Gürcüstanda müalicə olunan Qarabağ müharibəsi qazisi Şaban Süleymanov, müəllim Fatma Əliyeva, siyasətçi İsrafil Məmmədov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycanın qazandığı möhtəşəm Qələbə soydaşlarımıza da milli qürur və iftixar hisslərini bəxş edib.
Zəfər Günü Gürcüstanın azərbaycanlı icmasının ən əziz bayramlarından birinə çevrilib.
Tədbir konsert proqramı ilə davam edib. Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin və Tbilisidəki “Ceyran” rəqs qrupunun kollektivləri Azərbaycan və Qarabağa həsr olunan mahnılar, milli rəqslər ifa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi