AZƏRBAYCANLA İORDANİYA ARASINDA HƏRBİ SAHƏDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general-polkovnik Xalid Cəmil Əl-Sarayrah Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə ölkəmizə ikigünlük rəsmi səfərə gəlmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xalid Cəmil Əl-Sarayrahın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri iyulun 17-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Həmin gün Xalid Cəmil Əl-Sarayrah müdafiə naziri Səfər Əbiyevlə görüşmüşdür.
Azərbaycan Respublikası ilə İordaniya Krallığı arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən general-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, əlaqələrin getdikcə möhkəmlənməsi ölkələrimizin həyatının bütün sahələrində özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyev və Kral II Abdullah arasında yaranmış səmimi və möhkəm dostluq münasibətləri əməkdaşlığın daha da inkişaf etdirilməsinə əsaslı zəmin yaradır.
Müdafiə sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökümətlərarası birgə komissiyanın birinci iclasının yekunlarına toxunan Səfər Əbiyev bildirmişdir ki, bu gün imzalanan protokol gələcəkdə hərbi əməkdaşlığımızın inkişafı üçün geniş imkanlar açacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən S.Əbiyev demişdir ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Bir milyondan artıq dinc sakin Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüşdür. Ölkəmiz bu vəziyyətlə barışa bilməz. Münaqişənin dinc həlli istiqamətində bir nəticə əldə edilməzsə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ciddi tədbirlərə əl atacaqdır.
Xalid Cəmil Əl-Sarayrah vurğulamışdır ki, tarixi ənənələrin və mədəniyyətlərin oxşarlığı ölkələrimizi yaxınlaşdıran amillərdəndir.
Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmayacağı təqdirdə Azərbaycanın öz torpaqlarını digər vasitələrlə azad etməkdə haqlı olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı, İordaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Adil Adayala iştirak etmişdir.