AZƏRBAYCANLA UKRAYNA BÜTÜN SAHƏLƏRDƏ UĞURLU ƏMƏKDAŞLIQ EDİR
Yanvarın 30-da Azərbaycanın baş naziri Artur Rasizadə Ukraynanın müdafiə naziri, ordu generalı Vladimir Şkidçenkonu qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan baş nazir Artur Rasizadə Azərbaycanla Ukrayna arasında strateji əməkdaşlıq münasibətlərinin mövcud olduğunu önə çəkərək, bir çox beynəlxalq tədbirlərdə hər iki ölkə təmsilçilərinin eyni mövqedən çıxış etdiklərini məmnunluqla vurğuladı. Sonra iqtisadi-ticarət əlaqələrinə toxunan baş nazir bu sahədə əməkdaşlığın uğurla davam etdirilməsi üçün zəruri hüquqi-normativ bazanın yaradıldığını diqqətə çatdırdı. Eyni zamanda, son illər hərbi-texniki əməkdaşlıq sahəsində də Azərbaycan və Ukrayna hökumətləri arasında bir sıra sazişlərin imzalandığını xatırladan Artur Rasizadə qeyd etdi ki, həmin sənədlər hərbi əməkdaşlıq sahəsindəki əlaqələrimizin genişləndirilməsi baxımından münbit şərait yaradır.
Səmimi qəbula və xoş sözlərə görə Azərbaycanın baş nazirinə təşəkkürünü bildirən ordu generalı Vladimir Şkidçenko dedi ki, həqiqətən də ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin belə yüksək səviyyədə davam etməsi xalqlarımızın və ölkələrimizin mənafeyinə tamamilə uyğundur. Sonra o, Bakıya səfəri müddətində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə baş nazirə ətraflı məlumat verərək qeyd etdi ki, azərbaycanlı həmkarları ilə birgə təlimlərin keçirilməsi, milli zabit kadrların Ukrayna hərbi məktəblərində hazırlığı, təcrübə mübadiləsi, habelə NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə edilmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Qəbulda Ukraynanın ölkəmizdəki səfiri Boris Aleksenko iştirak edirdi.