Azərbaycanlı alim Romada “Vizual mədəniyyət” konqresində namazla bağlı araşdırmasını təqdim edib
Bakı, 30 may, AZƏRTAC
İtaliyanın paytaxtı Romada keçirilən “Vizual mədəniyyət” konqresində ölkəmizi Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva təmsil edib.
AZƏRTAC xəbər verir ki, R.Qeybullayeva beynəlxalq konqresdə namaz ritualının Azərbaycanda empirik praktikasının hansı fəlsəfi konsepsiyalarla bağlı olması, alnı yerə qoymaq vizual antropologiyası ilə paralellərin aşkarlanmasına dair növbəti araşdırmasını təqdim edib.
Buna nümunə kimi “Kitabi-Dədə Qorqud”da yürüşə getməzdən əvvəl namaz zamanı “ağ alnını yerlə qoydular” ifadəsi (vizual antropologiya nümunəsi) “alnı ağ olmaq” (üzüağ olmaq - günahsız olmaq) semiotikasının “alın yazısı ” semiotikası ilə fəlsəfi bağlılığı, vizual aspektdə hindlilərdə “bindi” kimi tanınan və ailə statusunu vurğulayan iki qaşın arasında çəkilən yumru müqayisə edilib.
Azərbaycanlı alim məruzəsində Misir mifologiyasında əmisi tərəfindən gözü çıxarılmış Hor, sakrallıqdan mənfiliyə uğramış müstəvidə türk xalqlarında Təpəgöz, yunan mifologiyasında Polifem kimi təkgözlü mifik qəhrəmanları da təhlil edib.
Qeyd edək ki, ikigünlük konqresdə 24 ölkədən 200-dək alimin məruzəsi dinlənilib.