Azərbaycanlı alim və tələbələrin Böyük Adron Kollayderində fəaliyyət göstərən “ALICE”də iştirakına imkan yaradılır
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan nüvə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq azərbaycanlı alim və tələbələrin Böyük Adron Kollayderində fəaliyyət göstərən “ALICE” (A Large Ion Collider Experiment) qurumunda iştirakına imkan verəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) AZƏRTAC-a bildirilib ki, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycanda səfərdə olan Avropa Nüvə Araşdırmaları Təşkilatının (CERN) ALICE qurumunun rəhbərlərindən ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirib.
İ.Məmmədov nazirliyin yüksək texnologiyalar sahəsində apardığı işlər barədə qonaqlara məlumat verib. Nüvə texnologiyaları, nüvə elmlərinin RYTN üçün yeni fəaliyyət istiqaməti olduğunu nəzərə çatdıran nazir müavini ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə RYTN-in inşa etdiyi “Tier III” səviyyəli regional DATA mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) barədə məlumat verilib. Böyük imkanlara malik bu mərkəzin CERN-də istifadəsi müzakirə olunub, xüsusilə DATA Mərkəzdə ALICE təcrübəsində toplanmış məlumatların analizi və saxlanılmasından danışılıb.
Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) infrastrukturu və DATA Mərkəzlə tanış olduqlarını qeyd edən ALİCE-in sədri, professor Paolo Giubellino qısa zamanda görülən işləri yüksək qiymətləndirib. Professor qeyd edib ki, hazırda ALICE-in 37 ölkədən 1550 iştirakçısı var. ALICE təcrübəsində kainatda 14 milyard il bundan əvvəl olan şəraiti almaq mümkündür. Bu missiyanı yerinə yetirmək üçün qabaqcıl texnologiyalardan və hesablama üsullarından istifadə olunur. Bura xüsusilə nəhəng kompyuter şəbəkələrinin quraşdırılması, böyükhəcmli məlumatların emalı daxildir.
Görüşdə, həmçinin ALICE təcrübəsi ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanması müzakirə edilib.