Azərbaycanlı baykerlərin Bakı-Tbilisi-Qars marşrutu üzrə növbəti motoyürüşü başlayıb
Bakı, 15 avqust, AZƏRTAC
“Baku HOG Azerbaijan” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə azərbaycanlı baykerlərin “Böyük yolun yolçuları” devizi altında növbəti motoyürüşü başlayıb.
AZƏRTAC “ANS PRESS”ə istinadla xəbər verir ki, ANS Şirkətlər Qrupunun prezidenti və “Baku HOG Azerbaijan”ın baş direktoru Vahid Mustafayevin rəhbərliyi ilə Bakı-Tbilisi marşrutu üzrə yürüş edən baykerlərin əsas məqsədi 2016-cı ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolunun təbliğidir. Yürüş zamanı baykerlər 1500 kilometr məsafə qət edəcəklər.
Vahid Mustafayev Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihənin region üçün böyük əhəmiyyət kəsb etdiyini və Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Ermənistanın layihədən kənarlaşdırıldığını xüsusi vurğulayıb. O bildirib ki, 2016-ci ildən Azərbaycan vətəndaşları bu yol vasitəsilə Avropaya, avropalılar isə ölkəmizə gəlib-getmək üçün yararlana biləcəklər. V.Mustafayev baykerlərin bütün marşrutu iki günə qət etməyi planlaşdırdığını deyib. Tbilisidə yürüşə gürcüstanlı motosikletçilərin qatılacağı gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli 2007-ci ildə Gürcüstanın Marab kəndində qoyulub. Dəmiryolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa qoşulmaq imkanı əldə edəcək. Dəmiryolu ilə Qarsa bir, İstanbula isə iki gün yarıma getmək mümkün olacaq. Bu dəmir yolu Bakı-Tbilisi-Ceyhan boru kəmərindən sonra Azərbaycan iqtisadiyyatını daha sürətli inkişafına mühüm töhfə verəcək.
“Baku HOG Azerbaijan” klubunun üzvləri daha əvvəl ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə böyük yürüş keçiriblər. Yürüş “Heydər Əliyev yolu ilə” şüarı altında təşkil edilmişdi.