Azərbaycanlı ekspertlərin Tbilisidə keçirilən Beynəlxalq konfransdakı çıxışları maraqla qarşılanıb
Tbilisi, 23 iyun, AZƏRTAC
Tbilisidə “Regionda ana və uşaq sağlamlığı üzrə əldə olunan nailiyyətlər, problemlər və onların həlli yolları” mövzusunda Beynəlxalq konfrans keçirilir.
BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və digər Cənubi Qafqaz ölkələrindən, Türkiyədən gələn mütəxəssislər, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların ekspertləri iştirak edirlər.
Gürcüstan səhiyyə nazirinin müavini Zaza Sopromadze konfransı açaraq dünyada və regionda ana və uşaq ölümləri barədə məlumat verib, bu hallara qarşı mübarizənin gücləndirilməsinin, bu sahədə milli fəaliyyət proqramlarının hazırlanmasının, təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Sonra Türkiyə nümayəndəsi Görhan İldırımkaya, BMT-nin Əhali Fondunun Gürcüstan nümayəndəsi Tamar Komaşelidze, Azərbaycan Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya İnstitutunun nümayəndəsi Gülnarə Rzayeva, beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək ana və uşaq sağlamlığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən vacib tədbirlər, bu sahədə yeni standartların tətbiqi və əldə olunan təcrübələr, müasir üsullar və metodologiyalar barədə məlumat veriblər.
BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Fərid Babayev AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, tədbirdə Azərbaycanda Səhiyyə Nazirliyinin ana ölümünün azaldılması sahəsində həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib: “Biz Azərbaycanda ana ölümünün kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ana sağlamlığı üzrə dövlət proqramının hazırlandığı və 2014-cü ildən bu proqramın qəbul olunduğu barədə məlumat verdik. Həmçinin, nazirlik ilə BMT-nin birgə fəaliyyəti, xüsusi proqram və layihələr barədə danışdıq. Azərbaycan nümayəndələrinin çıxışları və səsləndirdikləri fikirlər, irəli sürdükləri təkliflər maraqla qarşılanıb”.
Üç gün davam edəcək Beynəlxalq konfransda Türkiyə və Cənubi Qafqaz regionunda ana və uşaq sağlamlığının yaxşılaşdırılması üzrə fəaliyyət planı, eləcə də tövsiyə xarakterli sənəd qəbul olunacaq. Bütün ölkələr bu sənəddə əksini tapacaq metod və tövsiyələrdən istifadə edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi