AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMIN RƏSMİSƏVİYYƏDƏ TANINMASI YOLUNDA MÜHÜM ADDIM
Almaniyada yaşayan həmvətənimiz Aydın Sultanov AZƏRTAC-a göndərdiyi məlumatda haqlı olaraq yazır ki, hər il 31 martda biz Azərbaycan xalqına qarşı törədilmiş soyqırımını kədərlə yad edirik. Xocalı faciəsini xatırlayarkən isə bu ağrını daha dərindən duyuruq. Vətəndən kənarda yaşayan azərbaycanlılar bundan xüsusilə əzab çəkirlər, çünki xarici ölkələrdə bu hadisələrə etinasız yanaşılır, Azərbaycanda baş verənlər çox vaxt yanlış təsvir edilir və düzgün qiymətləndirilmir.
Doktor Aydın Sultanovun və professor Vilfrid Furmanın hazırladıqları “31 mart – Azərbaycanlılara qarşı soyqırımı günü” adlı sənədli material (http://www.uni-potsdam.de/u/makrooekonomie/genozid) və onların gərgin səyləri nəticəsində bu həqiqət Almaniyada ilk dəfə rəsmi dəstək almışdır.
Almaniyanın Brandenburq federal əyalətinin Təhsil, Gənclər və İdman Nazirliyinin tapşırığı ilə əyalətdə müəllimlərin bu sənədli materiala birbaşa çıxışı təmin edilmişdir. Material Brandenburqun Təhsil və Media İnstitutunun elektron bələdçisi olan Brandenburq Təhsil Serverinə daxil edilərək, bütün müəllim və şagirdlərin ixtiyarına verilmişdir (http://www.bildung-brandenburg.de/index.php?id=1349#6372 və http://www.bildung-brandenburg.de ).
Beləliklə, azərbaycanlılara qarşı soyqırımı, nəhayət, birinci dəfə rəsmi səviyyədə tanınmış və dünyada baş vermiş soyqırımları ilə bir cərgəyə qoyulmuşdur.
Bundan başqa, indiyədək tədris vəsaitlərində öz əksini tapmış həqiqətə uyğun olmayan fikirlər yanlış sayılır və düzəldilir.
Soydaşımız yazır ki, “bu, azərbaycanlılara qarşı soyqırımının Almaniyada federal səviyyədə və gələcəkdə Avropa İttifaqı səviyyəsində tanınması üçün atılmış ilk addımdır. Biz fəaliyyətimizi davam etdiririk, amma indi birgə, daha güclü səylərin göstərilməsinə ehtiyac vardır”.