Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 29-da tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Sabunçu rayon Gənclər evində keçirilən tədbir erməni daşnakları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film nümayiş etdirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və digər çıxış edənlər 1918-ci il martın 31-də, habelə digər dövrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarından danışıb, bu cinayətlərdən təkcə xalqımıza qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı qanlı cinayət olduğunu vurğulayıblar. Bildirilib ki, günahsız soydaşlarımızın və şəhidlərimizin ruhu yalnız torpaqlarımız erməni işğalından azad edildikdə rahat olacaq. Bu baxımdan gənc nəslin tariximizin qanlı səhifələrini dərindən öyrənməsinin və onun Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında gənclərin fəallığının əhəmiyyəti qeyd edilib.