“Azərikimya” İstehsalat Birliyində keçirilən anım mərasimində “Xoca” filminin yaradıcı heyəti də iştirak etmişdir
Sumqayıt, 25 fevral (AZƏRTAC, Ətrabə Rzayeva). “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələrində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 25-də birliyin baş ofisinin konfrans zalında keçirilən tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin “Xoca” filminin yaradıcı kollektivi də iştirak etmişdir.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımı haqqında iştirakçılara geniş məlumat verilmiş, ümummilli lider Heydər Əliyevin bu sözləri bir daha xatırlanmışdır: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Çıxışlarda belə bir qəti inam ifadə olunmuşdur ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində işğal altındakı torpaqlarımız erməni qəsbkarlarından azad ediləcək, şəhid ruhları rahatlıq tapacaqdır.
“Xoca” filminin yaradıcı kollektivi filmin araya-ərsəyə gəlməsi haqqında geniş məlumat vermiş, iştirakçıların bir sıra suallarını cavablandırmışdır.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev “Xoca” filminin Azərbaycan gəncliyinin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolundan danışmış, yaradıcı kollektivə minnətdarlığını bildirmişdir.
Sonda ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin ssenarisi əsasında çəkilmiş “Xoca” filmi nümayiş olunmuşdur.