İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun ərazisində şərti yanğın
AZƏRTAC xəbər verir ki, təlimdə “Azərikimya” İB-nin etilen-polietilen zavodunun və təmir-tikinti idarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, obyektin fövqəladə hallar komissiyası və mülki müdafiə qərargahı ilə bərabər “Etalon Security” MMC-nin mühafizə qrupu, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzin xüsusi xilasetmə qrupu, Sumqayıt Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının və “Kimyaçı” poliklinikasının tibbi yardım briqadaları və şəhər polis idarəsinin post-patrul xidmətinin əməkdaşları iştirak ediblər.
Təlimə, həmçinin qaz ixracı idarəsinin, “Azərsu” ASC-nin, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin əməkdaşları və FHN-nin Sumqayıt Regional Mərkəzinin zabitləri dəvət olunublar.
Şərti zəlzələnin təsirindən etilen-polietilen zavodunun 30 nömrəli neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində benzin saxlanılan tutumların girişində boru xətlərinin zədələnməsi nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları hadisə yerinə cəlb olunub.
İlkin olaraq mühəndis kəşfiyyat qrupu tərəfindən yanğın baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı mülki müdafiə qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatı yerinə yetirilib.
Təlim zamanı kimya müşahidə nəzarəti laboratoriya şəbəkəsi tərəfindən ərazidə davamlı müşahidələr aparılıb, qərargah götürülmüş nümunələrin nəticəsi ilə bağlı məlumatlandırılıb. Yanğından mühafizə idarəsinin şəxsi heyətinin operativ müdaxiləsi ilə benzin saxlanılan tutumda baş vermiş yanğın, digər tutumlara keçməsinin qarşısı alınmaqla söndürülüb.
Həm radiasiya-kəşfiyyat, həm yanğınsöndürmə, həm də xilasetmə və sanitar dəstələri tədbirin davam etdiyi müddətdə əlbir şəkildə hərəkət ediblər, pərakəndəliyə, çaşqınlığa yol verilməyib.
Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.