İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyində auditin nəticələri müzakirə edilib
![“Azəriqaz” İstehsalat Birliyində auditin nəticələri müzakirə edilib](/files/2014/3/1200x630/1409927502521576703_1200x630.jpg)
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İB-nin və şirkətin təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəhbər işçiləri iştirak ediblər.
Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, beynəlxalq idarəetmə sistemlərinin tətbiq olunması qarşıya qoyulan bir çox məsələlərin həllinə etibarlı zəmin yaradır.
Qeyd edilib ki, İB-də Türk Standartları İnstitutu tərəfindən OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” standartları üzrə nəzarət, eləcə də ISO 9001 “Keyfiyyəti idarəetmə sistemi”nin tətbiqi ilə bağlı sertifikatlaşma auditinin keçirilməsi nəzərdə tutulur. Bu sahədə aparılan işlər artıq yekunlaşıb. Təlim, tədris və sertifikatlaşdırma idarəsi tərəfindən qeyd edilən auditə hazırlıq işlərinin vəziyyətinin yoxlanılması məqsədilə ikinci tərəfin auditi keçirilib, çatışmazlıqlar qeyd edilərək lazımi tövsiyələr verilib.
Təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili mərkəzinin müdir müavini Fərid Babayev “Azəriqaz” İB-nin Türk Standartları İnstitutu tərəfindən OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” standartları üzrə sertifikatlara layiq görüldüyünü diqqətə çatdırıb, idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ISO 9001 “Keyfiyyəti idarəetmə sistemi”nin tətbiqi istiqamətində aparılan işlərdən danışıb.
Bildirilib ki, İB-də sentyabr ayında keçirilməsi planlaşdırılan OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik idarəetmə sistemi” və ISO 14001 “Ekologiya idarəetmə sistemi” üzrə nəzarət auditinə, ISO 9001 “Keyfiyyəti idarəetmə sistemi” üzrə sertifikatlaşma auditinə hazırlıq işləri uğurla başa çatdırılıb.
Sonda şöbə rəislərinə müvafiq tapşırıqlar verilib.