“AZƏRİQAZ”IN LƏNKƏRANDA KEÇİRDİYİ REGİONAL MÜŞAVİRƏDƏ ÇATIŞMAZLIQLARIN ARADAN QALDIRILMASI YOLLARINDAN DANIŞILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Lənkəranda Azərbaycanın cənub bölgəsinin 7 rayonunun qaz təsərrüfatı işçilərinin iştirakı ilə regional müşavirə keçirmişdir.
Tədbirdə “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı qaz təsərrüfatının problemlərindən, qarşıda duran vəzifələrdən və əhalini narahat edən məsələlərdən danışmışdır. Bildirilmişdir ki, respublika üzrə istehlak olunmuş qaza görə ödəniş hazırda 83 faiz təşkil edir. Dövlətimizin başçısının bu göstəricini tezliklə 100 faizə çatdırmaq barədə göstərişini yerinə yetirməkdən ötrü bütün imkanlar səfərbər olunmalıdır.
Respublikada sayğacquraşdırma işinin 95 faiz həyata keçirildiyini xatırladan “Azəriqaz”ın təmsilçisi son vaxtlar qaz itkisi uçotunun düzgün aparılmamasını, sayğaclara müdaxilə faktlarının artığını da vurğulamışdır. Bildirilmişdir ki, təkcə cari ilin 6 ayı ərzində sayğaclara qanunsuz müdaxilə ilə bağlı 13 min fakt aşkarlanmış və müvafiq tədbirlər görməkdən ötrü hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Sayğaclara ən çox müdaxilə edənlər isə əsasən Bakı sakinləridir.
Cənub zonası üzrə Lerik və Yardımlı rayonlarının 100 faizlik ödənişə nail olduğunu deyən K.Eyvazlı Biləsuvar, Cəlilabad və Masallı rayonlarında ödəniş səviyyəsinin orta respublika göstəricisindən aşağı olduğunu bildirmişdir. O, smart-kartla işləyən sayğacların tətbiqinin də tam səmərəli olmadığını və təkcə Bakıda bu sayğaclara 270 müdaxilə faktının qeydə alındığını vurğulamışdır. “Azəriqaz”ın nümayəndəsi bu halların qarşısının alınması məqsədi ilə mövcud qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac duyulduğunu demişdir.