“Azərişıq” ASC Cənub bölgəsində genişmiqyaslı yenidənqurma işləri aparır
Bakı, 10 aprel, AZƏRTAC
“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan başlamış elektrik hava xətlərinədək bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda görülməkdədir.
Belə ki, 2018-ci ilin birinci rübü ərzində Masallı rayonunun ərazisində 35 kilovoltluq (kV) Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda, Alvadı kəndində 35 kV-luq yüksəkgərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənir.
Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndlərinə istiqamətində gedən 4 ədəd 10 kV -luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0.4 kV-luq hava xətləri şəbəkələri ÖİN kabellərlə əvəzlənib, kəndlərə yeni KTM-lər quraşdırılıb. Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasının yenidən qurulma prosesi gedir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni KTM -lər quraşdırılır.
Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb. Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kV -luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda analoji proses rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunda da 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənərək sayğaclar çölə çıxarılır. Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir. Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində KTM-lər quraşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.