“Azərkosmos” ASC Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb
Bakı, 23 oktyabr, AZƏRTAC
“Azərkosmos” ASC və Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi arasında “Azersky” peykindən əldə olunan təsvirlərin “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində kənd təsərrüfatında istifadəsi üzrə müqavilə imzalanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, TSİS layihəsi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və bu layihəyə əsasən əldə ediləcək peyk təsvirlərindən rəqəmsal ortofotolar alınması üçün istifadə olunacaq. Peyk təsvirlərinin məhz bu layihədə istifadəsi həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, həm də digər təyinatlı torpaq sahələrinin identifikasiyası üçün nəzərdə tutulub. Müqaviləyə əsasən, peyk təsvirlərinin bir hissəsi “Azersky” peyki ilə, digər hissəsi isə “Azərkosmos”un partnyoru olduğu “Airbus Defence and Space” şirkətinin 0.5m ayrıdetməli “Pleiades” peyki ilə çəkiləcək. Çəkilişlərin bu ilin sonuna kimi yekunlaşacağı planlaşdırılıb.
Qeyd edək ki, bu il aprelin 22-də “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Azərkosmos”un və Fransanın “Airbus Defence və Space” şirkətinin əməkdaşlarının birgə təşkil etdiyi Yerin məsafədən müşahidə peyki olan “Azersky” peyki vasitəsilə əldə olunan peyk təsvirlərinin kənd təsərrüfatı sahəsində tətbiqi mövzusuna dair seminarda bu layihələrlə bağlı müzakirələr olub. Aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.