“AzInTelecom”un müştəriləri “Microsoft Windows Server” əsaslı virtual mühitdən istifadə edə biləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi müştərilərinə yeni xidmət təqdim edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 11-dən etibarən Data Mərkəzi müştəriləri “Microsoft (MS) Windows Server” əməliyyat sistemli virtual maşınları aylıq icarə yolu ilə əldə edə biləcək. Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model əsasında təqdim edir. Həmin lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərəçarpacaq üstünlüklər verəcək. Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında “MS Windows Server” əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcək. Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.
Bundan əlavə, “MS Windows Server”in yenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə, virtual mühitdən istifadə etməklə müştərilər hər zaman “MS Windows Server” əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur. Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün [email protected] ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət etmək olar.
Müştərilərə öz əsas işləri ilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur: Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili; Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər; Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
İnfrastruktur (IaaS) və bulud xidmətləri ISO 20000, ISO 27001 və “Uptime Institute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.
Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərilir, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.
“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.datamerkezi.az veb-saytlarından istifadə etmək mümkündür.