AzMİU-nun nümayəndə heyəti Londonda təlimlərdə iştirak edib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Böyük Britaniyada elmi məzuniyyətdə olublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Londonda Bakı Biznes Universitetinin koordinator-rəhbəri olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsinin növbəti təlimlərində iştirak ediblər.
Təlimlər Böyük Britaniyanın tanınmış Middlesex Universitetində keçirilib. Londonda ali təhsildə keyfiyyət təminatı sahəsində aparıcı mütəxəssislər Nila Lubojaki, Georq Dafoulas, Nikola Conson, Alison Megeney tərəfindən aparılan təlimlərdə ölkəmizin 11 universitetindən nümayəndələr iştirak ediblər. AzMİU-nu isə tədris işləri üzrə prorektor Akif Qasımov, strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müəllimi Hamlet Əliyev təmsil edib.
Təlimlərin məqsədi Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.