“AZNEFTKİMYAMAŞ”A BEYNƏLXALQ SERTİFİKATLAR TƏQDİM EDİLMİŞDİR
Cəmiyyətin sədri Əli Qaraxanov tədbiri açaraq ölkəmizin neft və maşınqayırma sənayesi işçilərinin həyatında bu əlamətdar hadisənin baş verməsini ümummilli liderimiz Heydər Əliyev zəkasının bəhrəsi olduğunu bildirmişdir. O demişdir ki, məhz ulu öndərimiz 1998-ci ildə Yaponiyada rəsmi səfərdə olarkən respublikamızın neft maşınqayırması sənayesinin inkişafı, yenidən qurulması üçün bu ölkənin dəstəyini almışdır. Müəssisəmizdə “Model layihə”nin həyata keçirilməsinə Yaponiya hökuməti razılıq vermişdi. Bu gün həmin layihənin uğurlu nəticələri göz qabağındadır. “Model layihə”nin reallaşması nəticəsində müəssisəmizdə on adda 100 tipli neft və qaz avadanlığının beynəlxalq standartlar səviyyəsində istehsalı təmin edilmişdir. Bu layihə çərçivəsində müəssisəmiz beynəlxalq İSO 9001 sertifikatına, 5 müəssisəmiz isə Qafqazyanı ölkələrdə ilk dəfə olaraq, Amerika Neft İnstitunun - APİ-nin monoqramına layiq görülmüşdür. “Azneftkimyamaş” bundan sonra neft, qaz avadanlığının istehsalı və satışı üzrə keçirilən beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ qazanmışdır.
Cəmiyyətin sədri vurğulamışdır ki, layihənin həyata keçirilməsi müddətində müəssisənin 152 mütəxəssisi dost ölkənin ekspertləri tərəfindən xüsusi təkmilləşmə kursları keçərək sertifikatlar almış, zavoda 46 adda 250 texnoloji və test avadanlığı, kompüter texnikası verilmişdir. Yaponiyanın 60 mütəxəssisi layihənin reallaşması prosesində bilavasitə iştirak etmişdir. Layihə çərçivəsində zavodda müasir avadanlıqla təchiz olunmuş treninq mərkəzi də yaradılmışdır. İndi burada ölkəmizin neft maşınqayırması sənayesi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır.
“Azneftkimyamaş” ASC-nin sədri bütün bu nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsul istehsalının və onların dünya bazarlarına ixracının stimullaşdırılması barədə verdiyi mühüm dövlət əhəmiyyətli tapşırığın icrasına real cavab olduğunu bildirmiş və dövlətimizin başçısı tərəfindən yeni iş yerlərinin açılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün konkret tədbirlər görüldüyünü xüsusi vurğulamışdır.
Sonra müəssisədə yaradılmış yeni istehsal sahələrini, avadanlıq və mexanizmləri, onların hazırlanması prosesini əks etdirən videomateriallar göstərilmişdir.
Yaponiyanın respublikamızdakı səfiri Toşiyuki Fucivara, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının icraçı vitse-prezidenti Sumiyosi Kunio, “Moody İnternational” şirkətinin Azərbaycandakı regional meneceri Con Norton, “Mutsui” şirkətinin nümayəndə heyətinin rəhbəri cənab Toqo çıxışlarında 18 maşınqayırma zavodunu və 4 elmi tədqiqat institutunu birləşdirən “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin kollektivini qazanılmış uğurlar münasibətilə təbrik etmişlər. Müəssisə rəhbərlərinə sertifikatlar təqdim olunmuşdur.
Baş nazirin müavini Abid Şərifov Yaponiyanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığının respublika hökuməti tərəfindən yüksək qiymətləndirildiyini və bu sahədə dost ölkənin Azərbaycandakı səfiri Toşiyuki Fucivaranın xüsusi xidmətləri olduğunu vurğulamışdır. O, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi əməkdaşlıq xəttinin getdikcə genişlənməsindən danışmış, yeni neft-mədən və avadanlığı istehsalının ölkəmizdə neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynayacağını bildirmişdir.