AZPROMO: Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır
Bakı, 13 may, AZƏRTAC
Beynəlxalq platformalarda qurulan əlaqələrin real ixrac nəticələrinə çevrilməsi məhsulların hədəf bazarlara vaxtında, səmərəli və rəqabətli şərtlərlə çatdırılmasından birbaşa asılıdır. Bu mənada Azərbaycanın nəqliyyat-tranzit imkanları ixrac gündəliyimizin mühüm tərkib hissəsidir. Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev "Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu"nda deyib.
Y.Abdullayev qeyd edib ki, Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi reallıq, rəqəmsal həllərlə gücləndirilən logistika marşrutları və ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar regionun tranzit xəritəsini yenidən müəyyənləşdirir, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir: “İxrac və logistika imkanlarının genişlənməsi, həmçinin Azərbaycanın investisiya cəlbediciliyini artırır. İnfrastruktur, bazarlara çıxış və dövlət dəstəyi alətlərinin bir-birini tamamlaması investorlar üçün daha əlverişli və proqnozlaşdırılan mühit formalaşdırır. Genişlənən infrastruktur və tranzit imkanlarının real rəqabət üstünlüyünə çevrilməsi üçün ixrac əməliyyatları üzrə nəqliyyat xərclərinin subsidiyalaşdırılması mexanizmi hazırlanır”.
"Bu çərçivədə AZPROMO, həmçinin investorların layihələrinin reallaşdırılması, genişlənməsi və uzunmüddətli inkişafı üçün uyğun mühitin formalaşdırılmasına “vahid pəncərə” prinsipi əsasında dəstək göstərir", - deyə AZPROMO-nin icraçı direktoru diqqətə çatdırıb.