AZPROMO ilə Fransa Şirkətlər Hərəkatı arasında Anlaşma Memorandumu imzalanmışdır
Bakı, 14 may (AZƏRTAC). Parisdə “Qafqaz və Mərkəzi Asiya” mövzusunda simpozium keçirilmişdir.
Fransa Senatında təşkil edilmiş tədbirdə Fransa Şirkətlər Hərəkatı, Beynəlxalq Ticarətin İnkişafı Agentliyi ("UbiFrance"), Beynəlxalq İnvestisiyalar üzrə Fransa Agentliyi, Fransa Ticarət Palatası ilə yanaşı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak etmişlər.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, simpoziumda çıxış edən Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Mərkəzi Asiya və Şimali Qafqaz regionunda aparıcı ölkələrdən olduğunu, "UbiFrance"ın fəaliyyəti barədə məlumat verən qurumun rəhbəri Alan Kuzin isə belə tədbirlərin Mərkəzi Asiya və Qafqaz ölkələrində keçirilməsinin zəruriliyini vurğulamışlar.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, ölkədə yaradılmış əlverişli biznes mühiti, investisiya və ixrac imkanları barədə təqdimatla çıxış etmişdir.
"Qafqaz və Mərkəzi Asiya bazarlarına necə girmək olar?" mövzusunda keçirilmiş dəyirmi masada AZPROMO-nun nümayəndəsi Azərbaycanın qeyri-neft sektoru, vergi sistemi, investisiya potensialı ilə bağlı sualları cavablandırmışdır.
Tədbirdə Fransanın Azərbaycandakı Ticarət Departamenti və Azərbaycanda fəaliyyət göstərən "Salans" hüquq şirkəti tərəfindən Azərbaycanın biznes mühiti və ölkədə fəaliyyət göstərən xarici şirkətlərə yaradılmış imkanlar barədə məlumat verilmişdir.
Tədbir çərçivəsində AZPROMO və Fransa Şirkətlər Hərəkatı arasında Anlaşma Memorandumu imzalanmışdır.
AZPROMO-nun nümayəndələri Fransanın İnvestisiyaların Təşviqi Agentliyinin ("Invest in France") rəhbərliyi ilə də görüşmüşlər.