Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir
Bakı, 1 iyun, AZƏRTAC
Uşaqların xoşbəxtliyi, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması cəmiyyətimizin davamlı inkişafının əsas şərtlərindən biridir. Biz hər il bu günü qeyd etməklə yanaşı, dövlətimizin uşaqların təhlükəsiz, sağlam, savadlı və xoşbəxt böyüməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticələrini də dəyərləndiririk. Çünki uşaq hüquqlarının müdafiəsi hər bir dövlətin gələcəyinə qoyduğu ən böyük sərmayədir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaq siyasəti ardıcıl şəkildə gücləndirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri uşaqların rifahı, təhsili, sağlamlığı və sosial müdafiəsi sahəsində mühüm layihələrin həyata keçirilməsinə, eyni zamanda, cəmiyyətin bu istiqamətdə səfərbər olunmasına mühüm töhfə verir.
“Dövlət Komitəsi bu siyasətin həyata keçirilməsində əlaqələndirici qurum kimi fəaliyyət göstərir, dövlət orqanları, Milli Məclis, media, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və ailələrlə sıx əməkdaşlıq şəraitində çalışır", - deyə o vurğulayıb.