Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib
Bakı, 1 iyun, AZƏRTAC
ABŞ və İran arasında müharibəyə son qoyacaq sülh sazişinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda dünya birjalarında neft qiymətləri son 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin bir barelinin qiyməti ötən həftənin sonunda aprel ayının ortalarından bəri ən aşağı səviyyəyə endikdən sonra yeni həftəyə artımla başlayıb. Hazırda Londonun ICE birjasında “Brent”in bir barelinin qiyməti 93 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 90 dollar civarındadır.
Analitiklərə görə, Yaxın Şərqdəki təchizat təhlükəsizliyi riskləri neft qiymətlərini dəstəkləməyə davam edir. Eyni zamanda, İran və ABŞ-nin qarşılıqlı sərt açıqlamaları neft qiymətlərini dəstəkləyərək razılaşma ehtimalını zəiflədir. Neft qiymətlərinin 2 faizdən çox artması isə inflyasiya ilə bağlı narahatlıqları artırıb. Belə ki, Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirləri hələ də davam edir. Bu, davamlı inflyasiya artımlarına səbəb ola və daha sərt siyasət zərurəti yarada bilər. İnflyasiya təzyiqlərinin yüksək qaldığı qeyri-müəyyən iqtisadi perspektiv nəzərə alındıqda isə orta dərəcədə məhdudlaşdırıcı pul siyasəti məqsədəuyğun hesab edilir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İrana qarşı dəniz blokadası çərçivəsində 118 gəminin marşrutu dəyişdirilib. İran tərəfi isə son 24 saat ərzində Hörmüz boğazından 28 neft tankeri və ticarət gəmisinin keçdiyini açıqlayıb.
Qeyd edək ki, sülh razılaşmasının əldə olunacağı və Hörmüz boğazından enerji axınının bərpa olunacağı gözləntisi ilə may ayında xam neft qiymətləri cari il ərzində ilk dəfə aylıq müqayisədə geriləmişdi. Lakin buna baxmayaraq, “Brent” nefti fevralın sonlarında münaqişə başlayandan bəri təxminən 25 faizdən çox bahalaşıb.