Fransada iqtisadi artım azalıb, iqtisadiyyat naziri həyəcan təbili çalır
Paris, 1 iyun, AZƏRTAC
Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) ölkənin 2026-cı ilin birinci rübü üzrə iqtisadi artım göstəricisinin yenidən aşağı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Rolan Lekür bu göstəricinin narahatlıq doğurduğunu bildirib. Nazir BFMTV telekanalına verdiyi müsahibədə iqtisadi artımın mənfi zonaya düşməsinin yaxşı xəbər olmadığını vurğulayıb.
Nazirin sözlərinə görə, bu geriləmə qismən bir sıra istisna amillərlə bağlıdır. O qeyd edib ki, qış mövsümünün mülayim keçməsi enerji istehlakının azalmasına səbəb olub. Bundan əlavə, “Airbus” şirkətinin ixrac həcmləri əvvəlki dövrlərlə müqayisədə aşağı olub və xüsusi büdcə qanununun təsirləri də iqtisadi aktivliyə mənfi təsir göstərib.
Nazir xatırladıb ki, Fransanın dövlət büdcəsinin qəbul edilmədiyi dövrdə bir sıra ictimai siyasətlər müvəqqəti olaraq dayandırılmışdı.
INSEE-nin açıqladığı rəqəmləri şərh edən Rolan Lekür bunu gələcək büdcə siyasəti üçün vacib dərs adlandırıb: “Bu nəticələrdən hamımız üçün çıxarılacaq bir nəticə var, xüsusilə də artıq 2027-ci ilin büdcəsinin hazırlanması barədə düşünməyə başladığımız bir vaxtda”.
Onun sözlərinə görə, xüsusi büdcə qanunlarına müraciət uzunmüddətli həll yolu hesab edilə bilməz: “Xüsusi qanun seçim deyil. Çünki bu mexanizm dövlət kreditlərinin və dəstək proqramlarının həyata keçirilməsinə mane olur və gördüyümüz kimi, iqtisadi fəaliyyətə konkret şəkildə mənfi təsir göstərə bilər”.
İqtisadiyyat naziri, eyni zamanda ölkədə inflyasiya göstəricilərinə də toxunub. O bildirib ki, qiymət artımının sürətlənməsi gözlənilən idi, lakin vəziyyət hələlik nəzarət altında qalır.
INSEE-nin son məlumatlarına əsasən, Fransada illik inflyasiya may ayında 2,4 faizə çatıb. Bu, ardıcıl dördüncü aydır ki, inflyasiya göstəricisinin yüksəlməsi deməkdir.
Rolan Lekür hesab edir ki, inflyasiyanın artmasına baxmayaraq, onun səviyyəsi hazırda idarəolunan çərçivədə qalır və hökumət iqtisadi sabitliyi qorumaq üçün tədbirləri davam etdirəcək.
Fransa hökuməti qarşıdakı aylarda həm iqtisadi artımın bərpası, həm də dövlət maliyyəsinin tarazlaşdırılması istiqamətində yeni tədbirlər paketinin hazırlanması üzərində işləyir.