FİFA Dünya Çempionatı oyunlarında hakim səlahiyyətlərini genişləndirir
Bakı, 1 iyun, AZƏRTAC
Futbol üzrə Dünya Çempionatının başlamasına iki həftədən az vaxt qalmış FIFA hakimlər üçün əsas qaydaları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına əsasən, yeni qaydaların məqsədi matçların tempini yüksək saxlamaqdır. Hakimlərə verilən yeni təlimatlara görə, oyunda vaxtı uzatmağa və tempin aşağı salınmasına yönələn cəhdlərin qarşısı qəti şəkildə alınmalıdır. Yeni qaydalar arasında künc zərbələri və topun yan xətdən oyuna daxil edilməsi zamanı beş saniyəlik geri sayım müəyyən edilib. Əgər top vaxt bitmədən oyuna daxil edilməsə, zərbə və ya topun yan xətdən oyuna daxil edilməsi hüququ rəqibə keçir. Bu, qapıçılar üçün mövcud səkkiz saniyəlik qaydanın genişləndirilməsidir.
Bundan başqa, hakimin qərarı ilə razılaşmayaraq meydanı tərk edən oyunçu qırmızı vərəqə ala bilər. Əvəz edilən oyunçu isə meydanı 10 saniyə ərzində tərk etməlidir - zədələr və ya xüsusi vəziyyətlər istisnadır.
Dünya çempionatında ağzı örtmək jesti də sərt cəzalandırılacaq. Əgər hakim oyunçu ilə söhbəti qarşıdurma hesab edərsə və oyunçu ağzını əli, qolu və ya köynəyi ilə örtərsə, bu, dərhal qırmızı vərəqə ilə nəticələnəcək.
FİFA VAR sisteminin səlahiyyətlərini də genişləndirib. Bundan sonra səhvən verilən ikinci sarı vərəqələr, qaydanı pozan şəxsin müəyyənləşdirilməsi və səhvən təyin olunan künc zərbələri üçün də VAR-dan istifadə ediləcək. Eyni zamanda, VAR-a qola, penaltiyə və ya intizam tənbehinə səbəb olan hücum zamanı top oyuna daxil edilmədən öncə baş verən qayda pozuntularını nəzərdən keçirmək səlahiyyəti də verilib.
Eyni zamanda, hər hissənin ortasında su içmək üçün 3 dəqiqəlik fasilə müəyyən olunub.