Tahir Budaqov: Çoxqütblü dünyada suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır
Bakı, 1 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti “Belaya Rus” Partiyasının dəvəti ilə “XXI əsrdə çoxqütblülük və müxtəliflik şəraitində dövlət suverenliyi və beynəlxalq münasibətlərin prinsipləri” mövzusunda II Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Belarusa səfər edib.
Partiyadan AZƏRTAC-a bildirilib ki, mayın 28-də konfrans iştirakçıları “Brest - Qəhrəman Qala” Memorial Kompleksində Əbədi məşəlin önünə çələng və gül dəstələri qoyaraq İkinci Dünya müharibəsində həyatını itirmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun konfrans iştirakçılarına müraciəti səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və başqaları çıxış ediblər.
Çıxışlarda dünyada baş verən mürəkkəb geosiyasi proseslər və formalaşmaqda olan çoxqütblü dünya nizamı şəraitində dövlət suverenliyinin qorunmasının, regional və qlobal təhlükəsizlik naminə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu baxımdan partiya diplomatiyasının rolu diqqətə çatdırılıb.
Hərbi-siyasi münaqişələr və humanitar böhranların qlobal təhlükəsizliyə yaratdığı təhdidlərə toxunularaq, mübahisələrin beynəlxalq hüquq normaları əsasında həllinin, ölkələrin daxili işlərinə müdaxilənin yolverilməzliyinin və milli maraqlara hörmət edilməsinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, separatizm, neokolonializm, ikili standartlar, hibrid təhdidlər, dezinformasiya və manipulyasiya kampaniyalarına qarşı birgə mübarizənin vacibliyi vurğulanıb. Dost və tərəfdaş ölkələrin həmrəyliyinin, siyasi partiyalar arasında əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışlarda, həmçinin partiya diplomatiyasının çoxtərəfli əməkdaşlığın inkişafına xidmət etdiyi qeyd olunaraq, konfransın beynəlxalq münasibətlərdə bərabərlik, açıqlıq və əməkdaşlıq prinsiplərinin təşviqinə töhfə verəcəyinə inam ifadə edilib.
Plenar iclasda çıxış edən Tahir Budaqov bildirib ki, çoxqütblü dünya nizamının formalaşdığı mürəkkəb geosiyasi şəraitdə dövlətlər arasında qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişaf etdirilməsi, milli suverenliyin və maraqların qorunması xüsusi əhəmiyyət daşıyır. Siyasi dialoq, qarşılıqlı etimad və inklüziv əməkdaşlıq mexanizmləri fikir ayrılıqlarının aradan qaldırılmasında və dayanıqlı sülhün təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi siyasət isə regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Bu siyasətin əsasını beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq təşkil edir.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, müasir nəqliyyat-kommunikasiya infrastrukturu yaradılır, yaşayış məntəqələri “ağıllı” konsepsiyalar əsasında yenidən qurulur. Eyni zamanda, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialından istifadə məqsədilə Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir. Bu addımlar isə Azərbaycanın sülhə, təhlükəsizliyə və inkişafa verdiyi önəmin göstəricisidir.
YAP sədrinin müavini diqqətə çatdırıb ki, qloballaşma və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda siyasi partiyaların rolu artır, partiyalararası dialoq isə əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası da müxtəlif ölkələrin siyasi partiyaları, həmçinin Mərkəzçi Demokrat İnternasionalı və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə əməkdaşlığı genişləndirir. YAP ilə “Belaya Rus” arasında da münasibətlər uğurla inkişaf edir.
Tədbirin sonunda konfransda aparılmış müzakirələrin yekunlarını özündə əks etdirən qətnamə qəbul olunub.
YAP nümayəndə heyəti “Belaya Rus” Partiyası adından konfrans iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə də iştirak edib.
Nümayəndə heyətlərinin “Brest – Qəhrəman Qala” Memorial Kompleksinə, Respublika Gənclərin Vətənpərvərlik Tərbiyəsi Mərkəzinə və “Belovejskaya Puşça” Milli Parkına ziyarəti təşkil edilib. Həmçinin nümayəndə heyətləri Brest vilayətində bir sıra kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə partiyasının baş katibi Ceykob Frensis Nevidamilimo Mudenda arasında keçirilən görüşdə dövlət başçılarının siyasi iradəsi sayəsində hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər bir sıra beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi vurğulanıb. İkitərəfli münasibətlərin inkişafı üçün mühüm potensialın mövcud olduğu qeyd edilib. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparıldığı görüş zamanı siyasi partiyalar və parlamentlər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib. T.Budaqov Belarus Milli Dövlət Teleradio Şirkətinin "Birinci informasiya" kanalına müsahibəsində beynəlxalq konfransın əhəmiyyətinə və səfərin yekunlarına, eləcə də istər ölkələr, istərsə də partiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb.
YAP nümayəndə heyətinin səfəri mayın 30-da başa çatıb.