Hadson İnstitutunun aparıcı tədqiqatçısı: Vaşinqton Türk Dövlətləri ilə tərəfdaşlığı gücləndirməlidir
İstanbul, 1 iyun, AZƏRTAC
Amerikanın düşüncə mərkəzi - Hadson İnstitutunun aparıcı tədqiqatçılarından olan Lyuk Koffi tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) Avrasiyada artan rolundan bəhs edən məqalə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-nin “RealClearWorld” analitika və xəbər platformasında dərc edilən yazıda TDT-nin regional əməkdaşlıq, ticarət, nəqliyyat əlaqələri və iqtisadi inteqrasiya sahələrində getdikcə artan əhəmiyyətinə diqqət çəkilir, Türk dünyasının beynəlxalq arenadakı strateji mövqeyi ilə bağlı qiymətləndirmələrə yer verilir.
Mətndə ABŞ-nin təşkilatın artan roluna daha çox diqqət yetirməsinin zəruriliyinə diqqət çəkən müəllif vurğulayır ki, TDT ölkələri Avrasiyanın strateji mərkəzində yerləşir, mühüm ticarət və nəqliyyat marşrutlarına nəzarət edir, zəngin enerji və kritik mineral ehtiyatlarına malikdir. Üzv və müşahidəçi ölkələrin ümumi əhalisi təxminən 175 milyon, ümumi mal və xidmət dəyəri isə 2,4 trilyon dollardan çoxdur.
Məqalədə, həmçinin qeyd edilir ki, sovet dövründə türk xalqlarının dil və mədəniyyətləri sıxışdırılsa da, müstəqillikdən sonra onlar türk kimliyini yenidən gücləndirməyə başlayıblar. Latın qrafikasına keçid, ortaq türk əlifbasının qəbul edilməsi, ana dillərinin dövlət və biznes sahələrində mövqeyinin möhkəmləndirilməsi bu prosesin tərkib hissəsidir.
Bildirilib ki, son illərdə TDT-nin fəaliyyəti mədəni və iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq süni intellekt, gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, regional bağlantılar, nəqliyyat layihələri və hətta hərbi əməkdaşlıq kimi sahələri də əhatə etməyə başlayıb.
Müəllif hesab edir ki, böyük güclər arasında rəqabətin artdığı bir dövrdə TDT ABŞ üçün strateji tərəfdaş ola bilər. Onun fikrincə, təşkilat enerji və kritik minerallara çıxış, təhlükəsiz ticarət marşrutları və Avrasiyada Çin və Rusiyanın təsirinin balanslaşdırılması baxımından Vaşinqton üçün mühüm əhəmiyyət daşıyır.
Məqalənin sonunda ABŞ Dövlət katibi Marko Rubionun TDT ilə yüksəksəviyyəli əlaqələri gücləndirməsi, hətta ABŞ–TDT sammitinin keçirilməsinə təşəbbüs göstərməsi tövsiyə edilir. Müəllif nəticə olaraq bildirir ki, Vaşinqton artıq Türk Dövlətləri Təşkilatının artan əhəmiyyətini nəzərdən qaçıra bilməz.