“Bakcell” abunəçiləri internet paketlərini paylaşa bilər
Bakı,19 oktyabr, AZƏRTAC
“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, abunəçilər özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi internet paketinin aktivləşdirilməsini “Bakcell” xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə məlumat mərkəzi vasitəsilə həyata keçirə bilər. Paketin qoşulması 24 saat ərzində həyata keçirilir və abunəçinin nömrəsinə SMS göndərilir.
“Bakcell ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. Şirkətin 3G şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və 4G şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. 4G xidmətinin istifadəyə verilməsi şəbəkədə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə “Bakcell” şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər”, - deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.