“Bakcell” şirkətinin “Applab” proqramı bir illiyini qeyd edir
Bakı, 11 oktyabr, AZƏRTAC
“Bakcell” şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş “Applab” innovativ mobil developer layihəsinin bir illiyini qeyd edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “AppLab” developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir ildə proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günədək “Applab” layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10 faizdən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb. Bir müddət bundan öncə, 2015-ci ilin iyununda “Bakcell” “Applab” layihələri sırasında Betchlip (https://bethclip.com) və xercim.az (http://xercim.az) mobil proqramlarını təqdim edib. Yaxın gələcəkdə “Applab” iştirakçıları tərəfindən hazırlanan daha çox tətbiqetmələr bazara təqdim olunacaq.
“Applab” çərçivəsində yeni və parlaq ideyalar meydana gəlib. Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. “Bakcell” bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı, gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməmizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarı cəlb edəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Bakcell” şirkətinin məqsədi mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı, “Bakcell” şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.