“Bakcell” şirkətinin ultra-sürətli LTE şəbəkəsi istifadəyə veriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 meqabit-saniyə (Mbit/s) sürəti dəstəkləyəcək. Şirkət buna “LTE-Advanced” tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə nail olub. “Bakcell” bu texnologiyadan istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ilin may ayında istifadəyə verilən 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi abunəçiləri yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir. Hazırda ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə mobil internet təcrübəsindən faydalanmaq olar.
“Biz kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, abunəçiləri maksimum keyfiyyət təcrübəsi ilə təmin edəcək. Yükləmə sürətinin iki dəfə artması nəticəsində gecikmələr azalacaq, batareyanın istifadə müddəti əvvəlkindən daha uzun sürəcək”, - deyə “Bakcell” şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.
225 Mbit/s sürətin dəstəklənməsi üçün LTE şəbəkəsi ilk öncə Bakı şəhərində, bundan sonra isə qısa müddətdə Abşeron yarımadası ərazisində təkmilləşdirilərək istifadəyə veriləcək.