Bakı Ali Neft Məktəbi Qara Dəniz Universitetlər Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
Bakı, 18 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi, professor Eden Mamut, Dayanıqlı İnkişaf üzrə Həllər Şəbəkəsinin Qara dəniz bölməsinin sədri, Saloniki Aristotel Universitetinin professoru Nikolaos Teodosiou və Rumıniyanın sabiq baş naziri Petre Roman ilə görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ali məktəbin professor-müəllim heyəti və tələbələrlə yanaşı, Moldova Texniki Universitetinin rektoru, professor Viorel Bostan və Ukraynanın Zaporojye Milli Texniki Universitetinin rektoru, professor Sergiy Byelikov da iştirak ediblər.
Rektor Elmar Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri, ixtisasları haqqında geniş məlumat verib. Ali məktəbin yerli və transmilli şirkətlərlə, bir çox beynəlxalq universitetlərlə sıx əməkdaşlıq etdiyini bildirən rektor hazırda “Erasmus+” və digər beynəlxalq proqramlar çərçivəsində tələbələr, eləcə də müəllimlər arasında Avropanın tanınmış universitetləri ilə mübadilə aparıldığını söyləyib.
Tədbirdə Eden Mamut bildirib ki, əsas məqsəd Qara Dəniz Universitetlər Şəbəkəsi ilə BANM-in əməkdaşlığının yeni inkişaf istiqamətlərini müəyyən etməkdir.
Görüşdə digər universitetlərdən gələn rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında ətraflı məlumat verib və BANM ilə tələbə-müəllim mübadiləsi, birgə layihələr üzərində işləməyə açıq olduqlarını bildiriblər.
BANM-in Dayanıqlı İnkişaf üzrə Həllər Şəbəkəsinə üzv olması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün ali məktəbdə mərkəz yaratmaq məsələləri müzakirə edilib.
Qonaqlar BANM-in kampusunda yaradılan infrastrukturla tanış olublar.