Bakı Ali Neft Məktəbində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
Bakı, 31 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, rektor Elmar Qasımov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin xalqımızın tarixində önəmli mərhələ olduğunu, həmin dövrdə ölkəmizdə qadınlara seçib-seçilmək hüququnun verildiyini söyləyib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycan tarixinə olan ehtiramın təzahürüdür.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkətinin ölkənin tarixi və milli dəyərlərinə hörmətlə yanaşdığını, bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiyini bildirib. Qeyd edib ki, BP şirkəti AXC-nin 100 illiyinə həsr edilən “Son iclas” filminin sponsoru olub.
Tədbirdə AXC-nin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransına müxtəlif universitetlərdən məqalə təqdim etmiş 40-dan çox tələbə mükafatlandırılıb, onlara müxtəlif hədiyyələr verilib.
Sonra Heydər Əliyev Fondunun dəstəyi, “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və AXC-nin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub. Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan film AXC-nin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin BANM-də nümayiş etdirilməsinin əsas məqsədi cəmi 23 ay yaşamış AXC-nin tarixini, onun hansı çətin şəraitdə fəaliyyət göstərdiyini gənc nəslə çatdırmaq olub.